Azərbaycanda ümumi kənd təsərrüfatına yararlı torpaq sahəsi 4,78 milyon hektar təşkil edir, bu da ölkənin torpaq sahələrinin 55%-ni əhatə edir. Adambaşına düşən kənd təsərrüfatına yararlı torpaq sahəsi isə 0,47 hektar, əkinə yararlı sahə isə 0,21 hektar təşkil edir.
Fins.az xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev deyib.
Azərbaycanın kənd təsərrüfatına yararlı torpaq sahələri barədə məlumat verən F.Tağıyev bildirib ki, ölkədə təxminən 1.485 min hektar ərazi suvarılan torpaqlardır. Bu torpaqların 78%-i əkin sahələri, 9%-i çoxillik əkmələr və 13%-i isə digər sahələr (biçənək, örüş, həyətyanı və s.) təşkil edir.
“Ölkə üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-90 faizi, o cümlədən ixracyönümlü kənd təsərrüfatı məhsullarının hamısı suvarılan torpaqlarda becərilir,”- deyə F.Tağıyev vurğulayıb.