Ölkəmizin yerüstü su ehtiyatlarının həcmi su balansına əsasən 36 milyard m³ təşkil edir və quraqlıq illərində bu həcmi 22 milyard m³-ə qədər azalır.
Fins.az xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev bildirib.
O, Azərbaycanın su ehtiyatlarının məhdud olduğunu vurğulayıb: “İllik su balansının yalnız 30%-i ölkə ərazisində formalaşır, qalan 70%-i isə ölkə sərhədlərindən kənarda yaranır. İllik 12 milyard m³ su istehlakından təxminən 7-8 milyard m³ suvarmaya və kənd təsərrüfatının təchizatına, 2 milyard m³ digər məqsədlərə (içməli su, istehsalat və s.) sərf olunur. Qalan 3-4 milyard m³ isə nəql zamanı itkilərə gedir.”
F.Tağıyev qeyd edib ki, suvarılan sahələrin 88%-nin su təminatı yerüstü su mənbələrindən təmin olunur, yalnız 180 min hektar sahənin suvarılmasında və içməli-məişət məqsədləri üçün yeraltı sulardan istifadə edilir. Ölkədə 135 su anbarı mövcuddur və onların ümumi su tutumu 21,5 milyard m³ təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə 10 su anbarı və 17 əsas çay vardır ki, bu çayların şirin su ehtiyatları zəngindir. Respublikada orta illik su çatışmazlığı adi illərdə 3,7 milyard m³, az sulu illərdə isə 4,75 milyard m³-ə çatır.
Fuad Mədətov
Fins.az