İqlim dəyişiklikləri problemi ilə mübarizə geniş miqyaslı və uzunmüddətli tədbirlərin həyata keçirilməsini tələb edir.
Fins.az xəbər verir ki, bu fikirləri "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov səsləndirib.
Nazir müavini qeyd edib ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qlobal iqlim dəyişikliklərinin təsirini azaltmaq məqsədilə bir sıra mühüm təşəbbüslərə töhfə verib. Bu kontekstdə, Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarının xalis payını 40%-ə qədər azaltmağı şərtli hədəf olaraq müəyyən edib.
“Azərbaycan, eyni zamanda, bu il qlobal metan emissiyalarının azaldılmasını nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulmuşdur. Hazırda Paris Sazişinə uyğun olaraq ölkəmizdə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası (LTS) hazırlanmaqdadır", - deyə Kərimov əlavə edib.
Onun sözlərinə görə, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirlərini azaltmaq üçün kənd təsərrüfatı istehsalçılarını məlumatlandırmaq və onların istehsal vərdişlərini mövcud iqlim reallıqlarına uyğunlaşdırmaq vacibdir. "İqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısını yalnız uyğunlaşma və azaltma çərçivəsində hazırlanacaq strategiyalarla almaq mümkündür," - deyə nazir müavini vurğulayıb.
V.Kərimov bildirib ki, bu il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizin ətraf mühitin qorunması və iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətindəki fəaliyyətlərinə yönəlib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək Azərbaycanın beynəlxalq təşkilatlarla formalaşdırdığı uğurlu əməkdaşlığın göstəricisidir.
"COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin yaşıl gələcək ilə bağlı hədəflərinin məntiqi davamıdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyərin təsdiqidir. Yaşıl və davamlı gələcəyə keçid təkcə ekoloji zərurət deyil, eyni zamanda iqtisadi imkandır. Yeni strateji mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması yalnız birgə səylərlə mümkündür," - deyə nazir müavini qeyd edib.
Fuad Mədətov
Fins.az