AQRO

28 Avqust

Son 5 ildə suvarma sistemlərinin qurulmasına ayrılan subsidiyanın məbləği AÇIQLANIB

Ölkəmizdə intensiv kənd təsərrüfatının inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Xüsusilə, müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq üçün müxtəlif güzəştlər və subsidiyalar təmin olunur. Son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulması üçün 93,3 milyon manat məbləğində subsidiya ayrılıb.

Fins.az-ın məlumatına görə, bu barədə "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" adlı tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova məlumat verib.

İ.Qədimova bildirib ki, fermerlərlə sıx əməkdaşlıq edərək onların iqlimə davamlı yanaşmaları mənimsəmələrinə dəstək vermək bu prosesi sürətləndirə bilər. "Fermerlərin su ehtiyatlarını səmərəli istifadə etmələri və iqlim dəyişikliklərinə uyğunlaşmaları, sektorun davamlı inkişafı üçün həlledici addımlardır," - deyə nazir müavini qeyd edib.

O, əlavə edib ki, bu istiqamətdə fəaliyyətlər, COP29 çərçivəsində noyabrın 19-da keçiriləcək Ərzaq, Kənd Təsərrüfatı və Su Günündə təqdim ediləcək "Harmoniya Təşəbbüsü"nün əsas hədəflərindən biridir. Bu təşəbbüs, kənd təsərrüfatı icmalarına və fermerlərə müasir su idarəetmə sistemləri və iqlimə davamlı yanaşmaları tətbiq etmək üçün lazımi dəstəyi təmin etməyi qarşısına məqsəd qoyur.

Fuad Mədətov
Fins.az