Özbəkistan şirkəti "Tukımachı Sanoat Tekstıl" MMC, Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlayıb.
Fins.az xəbər verir ki, bu layihə çərçivəsində Özbəkistanın "TST Textile Group" MMC tərəfindən İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb. Müasir pambıqçılıq təsərrüfatı, pambıq emalı, iplik, toxuculuq, tikiş və yağ istehsalı müəssisələrini əhatə edən klasterin ilkin investisiya həcmi təxminən 90 milyon manatdır.
Eyni zamanda, Füzulidə 100 hektar ərazidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi həyata keçiriləcək. Bu layihə Özbəkistanın "Uzgreenagro" LLC və Azərbaycanın "Zəfər Bağları" MMC-nin birgə təsis etdiyi “Özbəkistan-Azərbaycan Dostluq Bağları” MMC tərəfindən icra olunacaq. Layihəyə 5 milyon manatadək investisiya qoyulacaq, bunun yarısı Özbəkistan, yarısı isə Azərbaycan tərəfindən təmin ediləcək.
Bağda müxtəlif növ meyvə ağaclarının, o cümlədən Özbəkistandan gətirilmiş meyvə ağaclarının əkilməsi planlaşdırılır. Layihənin növbəti mərhələsində bağların genişləndirilməsi və məhsulların dərin emalı üzrə addımlar atılacaq. Gələcəkdə istehsalatın genişləndirilməsi çərçivəsində yeni fəaliyyət sahələrinin yaradılması da nəzərdə tutulur. Bağçılıq fəaliyyətinin nəticəsi olaraq əldə olunan məhsulların ilkin olaraq Azərbaycan və Özbəkistan bazarına təqdim olunması, daha sonra isə digər bazarlara ixrac edilməsi planlaşdırılır.
Fuad Mədətov
Fins.az