AQRO

02 Noyabr

Aqrar sığorta - Dövlətin kənd təsərrüfatına və fermerlərə dəstək üçün yaratdığı yeni və çox mühüm mexanizmdir - FOTO

"1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günü" münasibətilə Aqrar Sığorta Fondu, Kənd Təsərrüfatı Nazirliyi və Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən KİV nümaynədələri və jurnalistlər üçün aqrar sığorta təlimi keçirilib.

Fins.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış aqrar sığorta mexanizmi və Aqrar Sığorta Fondunun fəaliyyəti barədə KİV-lərin maarifləndirilməsi və 9 aylıq nəticələrin açıqlanması məqsədilə keçirilən görüşdə ASF və MEDİA-nın rəsmiləri, çoxsaylı KİV nümayəndələri və bir sıra fermerlər iştirak edib.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun sədr müavini Firdovsi Ağaşirinov Azərbaycanda aqrar sektorun inkişafı fonunda aqrar sığorta sisteminin inkişafı barədə məlumat verib.

Onun sözlərinə görə, aqrar sığorta – Azərbaycanda dövlətin kənd təsərrüfatına və fermerlərə dəstək üçün yaratdığı yeni və çox mühüm mexanizmdir.

Fond sədrinin müavini qeyd edib ki, 2002-ci ildə Azərbaycanda «Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında» qanun qəbul edilsə də, ötən vaxt ərzində aqrar sığorta sahəsində işlək mexanizmi qurmaq mümkün olmamışdı, bu yalnız 2019-cu ildə «Aqrar sığorta haqqında» qanunun qəbul olunması və dövlət başçısının fərmanı ilə Aqrar Sığorta Fondunun yaradılmasından və Fondun 2022-ci ildə fəaliyyətə başlamasından sonra mümkün oldu.

Qardaş Türkiyənin TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə yaradılan aqrar sığorta mexnizmi ölkənin kənd təsərrüfatını və bu sahəyə yatırılan investisiyaları əsas risklərdən qoruyur. 

Tədbirdə xatırladılıb ki, Aqrar Sığorta Fondunun ilk sığorta müqaviləsi də 3 il əvvəl – 2020-ci ilin noyabrın 3-də, yəni hərbi əməliyyatların davam etdiyi dövrdə Tərtər rayonunda imzalanıb.

Tədbirdə iştirak edən Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli KİV-lərdə ixtisaslaşma və iqtisadi mövzuların işıqlandırılmasında təlimlərin əhəmiyyətini xüsusi qeyd edib. Onun sözlərinə görə, MEDİA təşkilatı tərəfindən KİV nümayəndələrinin peşəkarlığının artırılması, iqtisadi mövzular üzrə ixtisaslaşması və məlumatlanması üçün çoxsaylı təlimlər həyata keçirilir və hazırki tədbir də, bu sahədə mühüm addımlardan biridir. MEDİA rəsmisi aqrar və aqrar sığorta sahəsi ilə bağlı davamlı təlimlərin vacibliyini qeyd edib.

Təlimdə «Aqrar Sığoğrta Müştərək Sığorta Şirkəti» ASC-nin şöbə müdiri Ruslan Fətəliyev Azərbaycanda Aqrar sığorta mexanizmi, aqrar sığortanın əhatə etdiyi risklər və məhsullar, eləcə də 9 aylıq nəticələrlə bağlı təqdimatla çıxış edib. Onun sözlərinə görə, hazırda aqrar sığorta vasitəsilə heyvandarlıq, bitkiçilik və balıqçılıq təsərrüfatlarını sığorta etmək olar. Sığorta haqlarının 50%-i isə fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilir. Təqdimatda bildirilib ki, ölkənin böyük ərazisində 1000 manatlıq buğda məhsulunun sığortalanması fermerə 7-8 manata, qiyməti 1000 manat olan mal-qaranın sığortalanması 31-47 manata, qiyməti 300 manat olan qoyun-keçinin sığortalanması isə cəmi 9 manata başa gəlir.

Aqrar Sığorta Fondunun «Hadisələrin araşdırılması və tənzimlənməsi» şöbəsinin təmsilçisi Samir İlyasov isə Aqrar sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı təqdimat edib. Onun sözlərinə görə, sığorta hadisəsi baş verdikdə fermerlər heyvandarlıq sahəsində 24 saat,  bitkiçilik sahəsində isə 10 gün ərzində Aqrar Sığorta Fonduna məlumat verməlidir. Bu zaman hadisənin araşdırılması üçün müstəqil aqrar sığorta eksperti təyin edilir və dəyən zərər hesablanır. Bütün sənədlər toplandıqdan sonra 7 gün ərzində fermerlərə sığorta ödənişi həyata keçirilir.

İlk dəfə olaraq bu təlimdə ölkənin müxtəlif regionlarından olan və aqrar sığorta ödənişi alan fermer də iştirak edərək Fond rəsmiləri və jurnalistlərlə ünsiyyətdə olublar. İştirakçı fermerlər Rövşən Şərifov (Xaçmaz rayonu, fındıq bağı), Taleh Vəliyev (Şəki rayonu, arpa sahəsi), Həbib Hüseynov (Ağcabədi, alça bağı) və Rüfət Zeynalov (Şamaxı rayonu, arpa sahəsi) əkin sahələrində baş verən təbiət hadisələri və buna görə Aqrar Sığorta Fondundan ödəniş almaları barədə ətraflı məlumat veriblər.

Olduqca sərbəst və interaktiv formatda, açıq dialoq şəklində baş tutan tədbirdə fermerlər aqrar sığorta ilə bağlı fond rəsmilərinə suallar ünvanlayıb və təkliflərini də veriblər.

Tədbirin sonunda KİV nümayəndələrinə sertifikatlar təqdim edilib.  Fins.az iqtisadiyyat xəbər portalının Baş redoktoru Fuad Mədətov da sertifikata layiq görülüb.