AQRO

15 May

Bu il Şəkidə 1387 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Şəki rayonunun təsərrüfatlarında tütün əkini davam edir. Fermerlər bu günədək 1137 hektar sahəyə tütün şitilləri köçürüblər. Builki mövsümdə rayonda 1387 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Bu barədə Fins.az xəbər verir ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, torpaq mülkiyyətçiləri cari təsərrüfat ilində 1019 hektar sahədə “Virciniya botaniki”, 368 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün əkini ilə əlaqədar rayonda fəaliyyət göstərən 10 hüquqi və fiziki şəxs tərəfindən 275 fermerlə müqavilə bağlanılıb, onlara toxum paylanılıb.

Rayonun ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi də davam edir. Cari mövsümdə şəkili kümçülərə 950 qutu və ya 18 kiloqram 50 qram ipəkqurdu toxumu paylanılıb. İpəkqurdunun yemlənməsi ilə 200-dən çox kümçü məşğul olur. Kümxanalarda bəslənilən ipəkqurdu artıq üçüncü yuxudan ayılıb və hazırda dördüncü yaş dövründədir. Bu il rayonda yaş barama istehsalının 38 tona çatdırılması qarşıya hədəf qoyulub.