AQRO

03 May

Beyləqanda bu günədək 6430 hektar sahədə çiyid səpilib

Respublikamızın ən böyük pambıqçılıq rayonlarından olan Beyləqanda çiyid səpini başa çatmaq üzrədir.

Fins.az xəbər verir ki, cari mövsümdə rayonda 6627,4 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə 1359 istehsalçı arasında müqavilələr bağlanılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.

Beyləqan pambıqçıları artıq 6430 hektar sahəyə çiyid səpiblər. Səpin aparılmış ərazilərin 1277 hektarında çıxış alınıb. Səpin işlərinin bir neçə günə başa çatdırılması nəzərdə tutulur.