AQRO

25 Aprel

Bu il Qaxda 450,5 hektar sahədə tütün əkini proqnozlaşdırılır

Builki mövsümdə Qax rayonunun təsərrüfatlarında 450,5 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Fermerlər cari təsərrüfat ilində 430,5 hektar sahədə “Virciniya botaniki”, 20 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün əkini ilə əlaqədar indiyədək 36 fermerlə müqavilə bağlanılıb. Bir neçə gündür təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Torpaq mülkiyyətçiləri qısa müddətdə 75,5 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə Fins.az xəbər verir ki,  Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, builki mövsümdə rayonun təsərrüfatlarında “Azərtütün” ASC tərəfindən 156 hektar, “TES AGRO” şirkəti tərəfindən 128 hektar, Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən 86 hektar, “Azəri Korporasiyası” tərəfindən 10 hektar, digər müəssisələr tərəfindən 48 hektar, fərdi istehsalçılar tərəfindən isə 22,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 6,7 min kvadratmetr sahədə sadə istixanalar hazırlanıb.

Xatırladaq ki, qaxlı fermerlər ötən mövsüm 373,3 hektar sahədən 408 ton quru tütün əldə ediblər.