AQRO

04 Aprel

Sabirabadda pambıq səpininə başlanılıb

Sabirabadda pambıq səpininə başlanılıb.

Fins.az xəbər verir ki, ötən il Sabirabad rayonunda pambıqçılıqla məşğul olan və yüksək qazanc əldə edən fermerlər bu il də “ağ qızıl” əkininə maraq göstərirlər. Belə fermerlərdən biri də Zəngənə kənd sakini Əfras Əsgərovdur. Pambıqçılığın çox gəlirli sahə olduğunu deyən Ə.Əsgərov bildirir ki, məhsulun alış qiyməti, əlavə ödənilən subsidiya, gübrələrin güzəştli qiymətlərlə təklifi pambıqçılığa marağı daha da artırır. Təkcə ötən il 120 hektar sahədən hər hektara 46 sentner məhsul götürən fermer, bu il əkin sahəsini də genişləndirib. Artıq pambıq əkiləcək sahələrdə şum və mala işləri görülüb.

Havaların əlverişli keçməsi səpin üçün yaxşı şərait yaradıb.

Pambıq sahələri üzrə nümayəndə Nizami Əsgərovun sözlərinə görə, nəzarət etdiyi 302 hektar sahədə arat işləri bitib. Əsasən yüksək məhsuldarlığı ilə seçilən “Bəyaz Altun” toxumlarından istifadə edilir. Fermerlər hazırda səpin işlərini optimal müddətdə yekunlaşdırmağa çalışırlar.

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari ildə rayonda 11313,6 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Ötən ilə isə rayon üzrə ümumilikdə 11696 hektar sahədən 35601,68 ton məhsul yığılıb ki, bu da hər hektara 30,44 sentner məhsuldarlıq deməkdir.