AQRO

03 Aprel

Şəkidə 26 min hektardan çox taxıl sahəsinə yemləmə gübrəsi verilib

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında ötən ilin payızında cari ilin məhsulu üçün 64 min 572,8 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 32 min 940,8 hektarını buğda, 31 min 632 hektarını arpa sahələri təşkil edir. Hazırda aidiyyəti qurumlar və fermerlər tərəfindən payızlıq taxıl əkinlərində kompleks tədbirlər davam etdirilir.

Fins.az xəbər verir ki, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov bildirib ki, dövlət büdcəsindən verilən subsidiya və fermerlərin öz vəsaiti hesabına indiyədək 26 min 244 hektar taxıl sahəsinə yemləmə gübrəsi (azot, karbamid) verilib və gübrələmə işləri davam etdirilir. Qurum rəsmisinin sözlərinə görə, yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir.

Baş məsləhətçi bildirib ki, taxıl sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri də görülür. Belə ki, indiyədək 3 min 632 hektar sahədə siçanabənzər gəmiricilərə, 1835,5 hektarda digər zərərvericilərə, 14 min 110 hektarda isə alaq otlarına qarşı kimyəvi mübarizə aparılıb.

S.Abdulhəmidovun məlumatına görə, ümumi taxıl əkinlərinin 16 min 704 hektarı şərti suvarılan ərazilərdir. İndiyədək 7 min 397 hektar taxıl sahəsində səp-suvar, 3 min 472 hektarda isə birinci vegetasiya suvarılması aparılıb.