AQRO

24 Noyabr

Aqrar sığorta üzrə müstəqil ekspert olmaq istəyənlər üçün təlim keçiriləcək

Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün təlimlər keçirəcək. Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu dekabrın 1-dən dekabrın 30-dək davam edəcək. Təlimlər 2023-cü il yanvar ayının 16-da başlayacaq və Aqrar Sığorta Fondunun inzibati binasında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 175 ünvanında keçiriləcək.

“Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”na əsasən imtahanlar bir mərhələdə keçiriləcək. İmtahan suallarının yalnız təlim proqramını əhatə edir, eyni zamanda peşə təhsilli şəxslərə də (müvafiq sahə üzrə 5 illik iş təcrübəsinə malik olduqda) imtahanlarda iştirak imkanı yaradılır.

Təlimlər aşağıdakı növ sertifikatların verilməsi üçün müstəqil ekspert olmaq istəyən şəxslərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlara buraxılması üçün təşkil olunur:

1. Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının (çoxillik əkmələr də daxil olmaqla) sığortası üzrə müstəqil ekspert sertifikatı;

2. Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;

3. Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.

Təlimdə 71 ixtisas üzrə ali, orta ixtisas və ya peşə təhsilli şəxslər iştirak edə bilərlər.

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin təlimi və sənəd qəbulu haqqında daha ətraflı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi və ya aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

//asf.gov.az/xeberler/aqrar-sigorta-fondu-aqrar-sigorta-uzre-musteqil-ekspert-olmaq-isteyen-namizedler-ucun-sened-qebulunun-vaxtini-elan-etdi