Azərbaycanın düyü idxalının, təxminən, 70 %-i Hindistanın payına düşür.
Bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna səfirliyin təşkilatçılığı ilə bu gün Bakıda keçirilən ət, düyü və çay məhsulları üzrə biznes vebinarında bildirib.
"Hindistanın Azərbaycana ixracına nəzər saldıqda görürük ki, ilk üç məhsul sırasında düyü mühüm yer tutub", - o deyib.
Bundan başqa, səfirin sözlərinə görə, koronavirus (COVID-19) pandemiyasından sonra iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var: "Ticarət əlaqələrində pandemiyadan əvvəl artım müşahidə edilirdi. İki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 2015-ci ildə qeydə alınmış 305 milyon ABŞ dollarından 2019-cu ildə 1 milyard 92 milyon ABŞ dollarına çatdırılmışdır. Bu gün keçirilən vebinar iki ölkə arasında yeni qapılar açacaq".
© Report