FAO ilə əməkdaşlıq çərçivəsində ilk dəfə Azərbaycanda karantin əhəmiyyətli zərərvericilərin atlası nəşr edilib.
Fins.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Bitki Sağlamlığı Forumu”nda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində “Bitki mühafizəsi” ixtisasının tədrisi həyata keçirilir.
“Bu ixtisas üzrə yeni kurrikulumla beynəlxalq standartlara uyğun kadr hazırlığı aparılır. Fermerlər arasında maarifləndirmə işinin aparılması, onların təlimlərə cəlb olunması nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları fermerlərimizə bitki xəstəliyi və zərərvericilərinə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək imkanı verir. İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir. Sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və bu məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Pilot layihə çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS mesaj göndərilir. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri aparmasını mümkün edir“, - deyə o bildirib.