AQRO

23 May

Ucuz satılan Belarus toyuqları ilə bağlı xəbərdarlığa cavab verildi

“Orion Global” MMC Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının Belarus Respublikasından idxal olunan kənd toyuqları barədə Fins.az xəbər saytı vasitəsilə yaydığı məlumatda adı çəkilən üç məhsuldan birinin rəsmi idxalçısı qismində aşağıdakıları bildirir.

Şirkətimiz tərəfindən Belarus Respublikasının Soliqorsk şəhərindən idxal edilən və “Bazarstore” marketlər şəbəkəsində satılan “Bütöv kənd toyuğu” adlı məhsulla bağlı eyni məzmunlu məlumat 18 aprel 2022-ci il tarixində də həmin xəbər saytında dərc olunmuşdu və qarşı tərəfə məlumatın yanlış olmasına dair bütün təssdiqedici sənədlərlə əsaslandırılmış cavab verilmişdi.

Bir daha nəzərinizə çatdırırıq ki, bu kimi yayılan məlumatlar təhrif olunmuş məlumatlardır və istehlakçıların gözündə şirkətimizin nüfuzuna, imicinə xələl gətirməyə, eləcə də idxal etdiyimiz məhsulun alıcının tələbinə uyğun olmasında şübhə yaratmaqla müştəriləri həmin məhsulu almaqdan yayındırmağa yönəlmişdir.

Təkcə onu qeyd etmək yetərli olar ki, sözügedən məhsullar barəsində həm istehsal ölkəsində, həm də ölkəmizdə qida təhlükəsizliyi, keyfiyyət standartlarına uyğunluq sahəsində tətbiq olunan müvafiq nəzarət tədbirləri aparılır. Bundan əlavə, rəsmi təqdim edilmiş məlumatlara əsasən, məhsulun istehsalçısı olan, öz nüfuzu və tətbiq etdiyi sərt nəzarət tədbirləri ilə seçilən fabrik Belarus Respublikasında fəaliyyət göstərdiyi sahədə qabaqcıl müəssisələrdən biri kimi yalnız yüksək keyfiyyətli xammal və material təchizatçıları ilə işləyir. Müştəriləri sırasında dünyada tanınmış şirkətlərin yer aldığı fabrik həmçinin 2-ci Avropa Oyunları çərçivəsində qida təchizatının təşkili üçün attestasiyadan keçməklə fəaliyyət göstərmişdir. Bundan əlavə, fabrikin tətbiq etdiyi İstehsala nəzarət proqramı çərçivəsində attestasiyadan keçmiş öz laboratoriyasında, habelə Belarus Respublikasının ən nüfuzlu müstəqil laboratoriyalarında məhsulların sınaqları keçirilir, eləcə də müvafiq dövlət strukturları tərəfindən fabrikdə tələblərə, o cümlədən dünyada qəbul edilmiş keyfiyyət standartlarına uyğunluğun yoxlanılması üçün mütəmadi nəzarət tədbirləri aparılır. Toyuqlar kliniki sağlam olaraq kəsimə təhvil verilir. Dövlətin nəzarət orqanı tərəfindən daimi olaraq istehsalın keyfiyyəti və texnologiyasının yüksək səviyyədə olmağına dair mütəmadi baxışlar keçirilir. Yem rasionu bütün qidalandırıcı vitamin və minerallarla balanslaşdırılır. Yemlərdə heç bir GMO qatqı yoxdur və daimi olaraq müstəqil akreditə olunmuş laboratoriyalardan nəzarət keçirilib, keyfiyyət və təhlükəsizlik təmin olunur. Fabrikin beynəlxalq səviyyədə fəaliyyəti, menecment, keyfiyyət və təhlükəsizlik barədə sertifikatlaşdırılmışdır. İstehsal olunmuş və təhvil verilmiş bütün məhsulların, keyfiyyət və təhlükəsizlik yoxlanışları, laboratoriya göstəricilərinə əsasən keçirilir (mikrobiologoya, fiziki-kimyəvi göstəricilər, rütubətlik miqdarı, radiologiya və s.) protokollar təqdim olunur.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün yoxlamalardan keçən və yalnız keyfiyyət tələblərinə uyğun olan məhsulların ixracına icazə verilir, bundan sonra isə həmin məhsulların ölkəmizə idxalı zamanı da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri yoxlama aparılaraq, müvafiq şəkildə uyğunluğu təsdiq edilir, sertifikatlaşdırılır və satışına icazə verilir. Bu əsasda həmin məhsula dair istehsal ölkəsində qüvvədə olan dövlət standartları, istehsal sertifikatları, eləcə də AQTA tərəfindən təqdim olunmuş sertifikatların surətləri da təqdim edilir.

Qeyd edilənlər nəzərə alınmaqla, həmçinin rəqabət qabiliyyətliliyinin ən əsas faktoru kimi mürəkkəb və çoxaspektli xarakterə mailk olan, hazırlıq, istehsal, daşınma, idxal, satışa çıxarılma və istehlak mərhələlərinin hər birində oturuşmuş və adekvat nəzarət tələblərinə uyğunluğu yoxlanılan və qiymətləndirilən “keyfiyyət” anlayışına dair Assosiasiyanın yaydığı məlumatda yalnız ucuz qiymət amili irəli çəkilməklə ictimaiyyəti çaşdıran mülahizələr yürüdülməsi haqlı suallar doğurur.

Digər tərəfdən, çoxsaylı komponentlər məcmusunu özündə ehtiva edən, məsrəf, dəyərlilik (faydalılıq), rəqabətlilik amilləri əsasında formalaşan qiymət müəyyənləşməsi kimi mürəkkəb proses Assosiasiyanın məlumatında çox sadə və yalnız mülahizə əsaslı hesablama ilə məhdudlaşır ki, bu da qəbuledilməzdir.

O ki qaldı məhsulların üzərində “Halal” sözünün yazılmasına, xüsusilə vurğulamaq istərdik ki, bu, dünyada qəbul edilmiş standartlar əsasında səlahiyyətli qurumlar tərəfindən baxış keçirilməklə, saxlanma, kəsim şəraiti, təmizliyə riayət olunması vəziyyəti yoxlanılmaqla təsdiq olunur və müvafiq şəkildə sertifikatlaşdırılan məhsullar Azərbaycana, eləcə də digər ölkələrə, o cümlədən ərəb ölkələrinə ixrac edilir.

Yuxarıda qeyd edilənlərə əsasən şirkətimizin işguzar nüfuzunu ləkələyən məlumatların marja.az saytında təkzib edilməsini və sözügedeən xəbərə cavab olaraq hazırki məktubumuzun dərc edilməsinin təmin olunmasını xahiş edirik.

Xahişimizin təmin edilməyəcəyi və yaxud bir daha bu kimi əsassız məlumatların yayılacağı təqdirdə, hüquqlarımızın müdafiəsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir.