AQRO

16 May

"Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək

Mayın 18-dən 20-dək 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək. 

"Fins.az" xəbər verir ki, sərgilərdə 24 ölkədən 449 şirkət iştirakını təsdiqləyib.

Bu il Caspian Agro sərgisində dünyanın 20 ölkəsindən 294 şirkət iştirak edəcək. 

Kənd təsərrüfatı üzrə baytarlıq və zootexnika, bitkiçilik, heyvandarlıq, istixana üçün avadanlıqlaı, kənd təsərrüfatı məhsulları və avadanlığı və s. təqdim olunacaq.

Bu il “Caspian Agro” sərgisi Ağıllı Kənd, Süni İntellekt, İT xidmətləri, Pilotsuz uçuş aparatları (Dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərginin işgüzar proqramı sadalanan mövzulara uyğun olacaq. Belə ki, mayın 18-də sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək. Sərgidə Smart Agro çərçivəsində artıq icrasına başlanan və eləcə də işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.

Hər il təşkilatçılar regionlardan gələn fermerlər üçün sərgi üzrə turlar təşkil edirlər və bu tədbir çərçivəsində fermerlər ən son sənaye yenilikləri ilə tanış ola bilirlər, yüksək keyfiyyətli məhsul istehsalı üçün əvəzsiz şərtdir. Bu il 40-a yaxın rayondan fermerlər üçün turlar təşkil olunub.

“Caspian Agro” sərgisi ilə eyni vaxtda Xəzər regionunun qida sənayesi şirkətlərinin əsas görüş yeri olan “InterFood Azerbaijan” sərgisi keçiriləcək. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır. “InterFood Azerbaijan” sərgisində 12 ölkədən 155 şirkət iştirak edir. 

Ənənəvi olaraq, sərgilər yerli və xarici şirkətlərin nümayəndələrinin əməkdaşlıq üsullarını və gələcək tərəfdaşlıq üsullarını üz-üzə müzakirə edə biləcəyi ikitərəfli işgüzar görüşlərə (B2B), həmçinin özəl şirkətlərin nümayəndələrinin dövlət qurumlarının nümayəndələri ilə görüşmək imkanına malik ola biləcəyi  ikitərəfli işgüzar görüşlərə (B2G) ev sahibliyi edəcək.