Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlar müvəffəqiyyətlə yekunlaşacaq.
Bunu "Fins.az”a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Rayner Frönd deyib.
Onun sözlərinə görə, əfsus ki, koronavirus pandemiyası danışıqlar prosesinə qısa müddətdə fasilə yaratdı: “Danışıqlar videokonfranslar vasitəsilə getsə də, Azərbaycan bu görüşlərin videokonfranslar vasitəsilə yox, şəxsən keçirilməsini istəyirdi. Lakin hazırda hər şey normala qayıdır, danışıqların uğurla yekunlaşacağına ümid edirik”.
Xatırladaq ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bağlanması gözlənən Sazişlə bağlı danışıqlar 2017-ci ildən başlayıb. Sazişin iqtisadi, siyasi fəsilləri ilə bağlı danışıqlar aparılıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə bu ilin 4 fevral tarixində Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında deyib ki, 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli, yeni sazişin imzalanması mümkün olacaq.