AQRO

21 Aprel

Azərbaycan buğda istehsalını artırmaq üçün hansı sahəyə investisiya qoyacaq?-RƏSMİ AÇIQLAMA

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə cənab prezident tərəfindən bildirilib ki, bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik.

Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır.

Ölkədə ərzaqlı buğda istehsalının artırılması üçün atılacaq addımlar barədə  Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi FikrətzadəFins.az”a açıqlama verərək, bildirib ki, hazırda Azərbaycanın özünü buğda ilə təmin etmə səviyyəsi 60%-dir. Azərbaycanda ərzaq təyinatlı buğda üzrə idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Bununla əlaqədar olaraq ölkə başçısı tərəfindən keçirilən sonuncu müşavirədə hökumət qarşısında  müəyyən tapşırılar qoyuldu. Tapşırıqlara əsasən hökumət ölkədə ərzaq təyinatlı buğdanın istehsalının artırılması üçün mövcud resursları səfərbər etməklə, bu istiqamətdə yeni dəstək mexanizmləri yaradıb Azərbaycanın ərzaq məhsullarının emalı üçün nəzərdə tutulan buğda ilə özünü təmin etmək səviyyəsi reallaşdırılmalıdır. Ortamüddətli dövrdə Azərbaycanda ərzaqlıq buğda istehsalının 70%-ə qədər artırılması təmin olunmalıdır.

Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatında aparıcı rola malik olan buğdanın ölkədə istehsalının artırılması və Azərbaycanın idxaldan asılığının azaldılması istiqamətində hökumət tərəfindən həyata keçirilməsi nəzərə tutulan tədbirlərə də toxunaraq “Bununla bağlı olaraq ilk növbədə bu gün müasir taxılçılıq təsərrüfatlarında tətbiq olunan, yüksək məhsuldarlığın əldə olunmasına təminat verən təcrübələrin genişləndirilməsi istiqamətində  addımların atılması nəzərdə tutulub”, - deyə qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə cənab prezident  eyni zamanda ölkədə daxili tələbatın ödənilməsi üçün buğda istehsalının artırılması istiqamətində  investisiyaların həcminin artırılmasının vacibliyini qeyd edərək “Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək”, - deyə vurğulayıb.

Mərkəzin direktoru Firdovsi Fikrətzadə dövlətin buğda istehsalının artırılması üçün məhz hansı istiqamətdə investisiyaların həcmini artıracağı ilə bağlı “İlk növbədə suvarma infrastrukturunun yaradılması  o cümlədən də qabaqcıl Avropa ölkələrinin təcrübəsində olduğu kimi pilot suvarma sistemi vasitəsi ilə 55-60 sentnerlik məhsuldarlıq səviyyəsini əldə etmək, bu tip suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi istiqamətində  investisiyanın qoyulması nəzərdə tutulub”, - deyə əlavə edib.  

Mərkəz rəhbəri fikirlərinin davamında  buğda ilə təminatın daxili istehsal hesabına ödənilməsi üçün həyata keçiriləcək investisiya qoyuluşlarının digər vacib istiqamətləri barədə məlumat verərək  bildirib ki, işğaldan azad olunmuş torpaqlarda da müasir texnologiyalar tətbiq etməklə yüksək məhsuldarlıqla taxıl istehsalının artırılması da  aktual istiqamətlərdən biridir. Eyni zamanda cənab Prezidentin də qeyd etdiyi kimi, digər regionlarımızda da biz bu gün müasir texnologiyaların tətbiqinə  investisiya qoyuluşlarının artırılması hesabına xüsusi ilə pilot suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi  bu investisiyaların əsas istiqamətini təşkil edir. Bunun hesabına ümumi məhsuldarlıq göstəricisinin artırılması  vasitəsi ilə  un emalı  sənayesini tələbatına uyğun buğda ilə özümüzü təmin etmək səviyyəsinin artırılmasına nail olmalıyıq. Hesablamalar göstərir ki, hazırda yüksək məhsuldarlıq əldə edən təsərrüfatların təcrübəsinin  genişləndirilməsi, qeyd etdiyim investisiya layihələrinin həyata keçirilməsi hesabına məhsuldarlığı artırmaqla ortamüddətli dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sonuncu müşavirədə müəyyən olunan 70%-lik hədəf reallaşdırılması mümkün hədəfdir.

Firdovsi Fikrətzadə ərzaqlıq buğda istehsalında Azərbaycanın ümumi tələbatı və hazırkı  istehsal həcminin ölkənin tələbatına uyğun olmaması və idxal həcmi barədə məlumat verərək “Ümumilikdə taxıl adlandırılan buğda arpa və qarğıdalının cəmidir respublika ərazisində təqribən 1 milyon hektar təşkil edir ki, bunun da 570 min hektarında buğda, 370 min hektarında arpa təxminən 30-35 min hektarında da qarğıdalı əkilib. Buğda üzrə orta məhsuldarlıq son 3 ilin göstəricilərinə əsasən 31,1 sentnerdir, 2021-ci ildə bu göstərici 32,9 sentner olub. Azərbaycanın ümumi buğdaya tələbatının 3,2 milyon ton olduğunu nəzərə alaraq orta hesabla 1,9 milyon ton buğdanı istehsal edirik, 1,3 milyon ton buğdanı isə xarici ölkələrdən idxal edirik. Ölkədə un emalı və digər ərzaq məhsullarının hazırlanması məqsədləri üçün isə 2,3 milyon ton buğdadan istifadə olunur” - deyə əlavə edib.

Müəllif: Aynur Qəniyeva