AQRO

07 Aprel

Bu gün daha 6424 fermerə ümumilikdə 12 milyon 195 min manat subsidiya ödənilib

İndiyədək payızlıq əkinlərə görə 235 min nəfərdən çox fermerə 152 milyon manata yaxın subsidiya verilib.

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir. Aprelin 7-də AKİA tərəfindən payızlıq əkinlərə görə 6424 fermerə, ümumilikdə 12 milyon 195 min manat subsidiya ödənişi həyata keçirilib. Bu gün ödənilən subsidiyalar 59 min 709 hektar əkin sahəsini əhatə edir.

Bununla da 2021/2022-ci il üçün ümumilikdə 768 min 520 hektar əkin sahəsi üzrə 235 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 151 milyon 700 min manatdan çoxdur.

Qeyd edək ki, subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülür. Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.  

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini və sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir.

Subsidiyaların ödənişi davam edəcək.