AQRO

05 Aprel

Azərbaycanda “Daşıyıcı bələdçisi” layihəsinin icrasına başlanılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti “Daşıyıcı bələdçisi” layihəsinin icrasına başlayır.

Fins.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, layihənin məqsədi avtomobil daşımaları sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, avtomobil daşımaları sahəsinə investisiya cəlb edilməsi, daşıyıcıların sayının artırılması və daşımalar bazarında təklifin genişləndirilməsidir.

Layihə çərçivəsində avtomobil daşımaları sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və yaxud məşğul olmaq istəyən şəxslər müraciətləri əsasında mövcud qanunvericiliyin tələbləri, avtomobil daşımalarının xüsusiyyətləri və digər istiqamətlər üzrə maarifləndiriləcək, onlara məsləhətlər veriləcək və aidiyyəti sualları cavablandırılacaq. Ehtiyac olarsa, sahibkarlara qısamüddətli təlimlər də keçiriləcək.

“Daşıyıcı bələdçisi” xidmətindən istifadə etmək istəyən şəxsə avtomobil nəqliyyatı sahəsi üzrə qüvvədə olan digər tənzimləmə normaları haqqında da məlumatlar təqdim edilə bilər.

Xidmət həm onlayn, həm də adi qaydada ödənişsiz həyata keçiriləcək.