Mətbəximizin vacib tərkib hissəsi olan ətin də qiymətində dəyişiklik var. Bu da qiymətlərin qlobal miqyasda qalxmasının qaçılmaz bir nəticəsidir.
"Fins.az"xəbər verir ki, “Veysəloğlu” MMC-nin Qastronom və dondurulmuş məhsullar üzrə Marketinq Departamentinin Marketinq meneceri Pərviz Hüseynov ölkəmizdə dondurulmuş ət məhsulları ilə bağlı vəziyyəti belə izah edir:“İlk növbədə vurğulayım ki, quş əti Azərbaycana ən çox Ukraynadan idxal edilir. Münaqişənin bölgədə yaratdığı iqtisadi çətinliklər nəticəsində tələbin təklifi keçəcəyi, bunun da qiymətlərə təsiri gözləniləndir. Eyni zamanda, heyvan qidasının əsasını Ukrayna və Rusiya təmin etdiyi üçün yemin və nəticə etibarilə quş ətinin qiymətində artımın olacağı qaçılmazdır. Logistikada problemlər də qiymət artımına təsir edən amillərdəndir. Bununla yanaşı, ödəniş proseslərində müəyyən səbəblərdən çətinliklərin yaranması ilə məhsul alışı əvvəlki qaydada həyata keçirilməyəcək. Çünki fabriklərin əksəriyyəti ödənişləri əvvəlcədən tələb edir və təbii ki, bu günkü vəziyyətdə Rusiya və Ukraynaya əvvəlcədən ödəniş risklidir. Alternativ bazar olaraq, Gürcüstan, Türkiyə və İran dəyərləndirilir. Bu ölkələrdən qeyd edilən məhsulların idxalı istiqamətində hazırda dövlət səviyyəsində müvafiq tədbirlər görülür.”
Şirkətimiz tərəfindən bu günkü vəziyyətdə Belarus və Gürcüstandan tədarük üçün lazımi addımları atmışıq. Bununla bağlı fəaliyyətimiz davam edir və müştərilərimizin məhsulla kifayət qədər təminatı üçün çevik şəkildə daim axtarışdayıq.