Aprel ayından etibarən Azərbaycan-İsrail birgə Təlim Proqramı çərçivəsində aqronom və fermerlər üçün xüsusi təlimlərə başlanacaq. Nəzəri və praktiki mövzuları əhatə edən xüsusi təlim modulu israilli və yerli mütəxəssislərdən ibarət işçi heyət tərəfindən hazırlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, apreldə keçirilməsi planlaşdırılan təlimlər tumlu və çəyirdəkli meyvələrin (alma, armud, gilas, nektarin, şaftalı və gavalı) becərilməsi, aqrotexniki qulluq və digər mövzuları əhatə edir. Fermerlərin tələbləri nəzərə alınaraq əsas təlim modulları xəstəlik və zərərvericilərlə mübarizə, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin düzgün tətbiqinə həsr olunub. Həmçinin torpaqdan davamlı istifadə qaydaları, suvarma sistemləri və bitkilərin su tələbinin hesablanması, texnikalardan düzgün istifadə qaydaları, budama və digər tədbirlər haqqında fermerlərə ətraflı məlumat veriləcək.
Ümumilikdə, 12 gün ərzində hər gün 3 saatlıq nəzəri və praktiki təlimlər təşkil olunacaq. Nəzəri təlimlərin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda, praktiki təlimlərin isə institutun və fermerlərin təsərrüfat sahələrində keçirilməsi nəzərdə tutulur. Bu təlim proqramının əsas məqsədi meyvə təsərrüfatlarında risklərin idarəedilməsi üsulları haqqında fermerlərlə beynəlxalq təcrübəni paylaşmaqdır. Təlim kursunu İsraildən dəvət olunan 4 mütəxəssis idarə edəcək. Təlim kursu ödənişlidir.