AQRO

16 Mart

Bir sıra ölkələrdən diri quş və yumurta idxalı məhdudlaşdırılıb

Pakistan, Polşa, ABŞ və Nepalın bəzi əyalətlərindən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən xəbərə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Pakistanın Sind və Pəncab regionlarında nodulyar dermatit, Amerika Birləşmiş Ştatlarının Missuri, Cənubi Dakota, Merilend, Ayova ştatlarında, Polşa Malopolsk inzibati ərazisində və Nepalın Qandaki əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Pakistanın Sind və Pəncab regionlarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, həmçinin ABŞ-nin Missuri, Cənubi Dakota, Merilend, Ayova ştatlarından, Polşanın Malopolsk inzibati ərazisindən və Nepalın Qandaki əyalətindən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Pakistan, Amerika Birləşmiş Ştatları, Polşa və Nepaldan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.