Azərbaycanda istehlakçıların qanuni mənafelərinin müdafiəsi ilə bağlı yeni tələblər müəyyən edilir.
Bu barədə məsələ yeni hazırlanan "Qida təhlükəsizliyi haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Qanun layihəsi qida məhsulları istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə, istehlakçıların qida məhsulları ilə bağlı dolğun və düzgün məlumat almasına dair tələbləri müəyyən edir.
Belə ki, qanun layihəsində qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması; istehlakçıları aldatmaqla barəsində saxta və (və ya) yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması; qida məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınması nəzərdə tutulur.
Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyası çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulur.