AQRO

30 Sentyabr

Fermerlər üçün maarifləndirici təlimlər keçiriləcək

Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında əldə olunmuş birgə razılığa əsasən bölgələrdə payızlıq əkin öncəsi fermerlərin maarifləndirilməsi istiqamətində təlim-seminarlar keçiriləcək.

Dövlət Toxum Fondundan verilən məlumata görə, oktyabrın 5-də Qobustan rayonunda, oktyabrın 7-də isə Tovuz rayonunda “Payızlıq əkinlərdə toxum seçimi və aqrotexniki qulluğun göstərilməsi” mövzusunda təlim-seminar keçiriləcək. Təlim bölgələrə uyğun sortların seçilməsinin əhəmiyyəti, toxumla yayıla bilən xəstəliklər və onlara qarşı mübarizə tədbirlərinin aparılması, istehsal olunan toxumun kondisiyaya çatdırılması və digər mövzuları əhatə edəcək.

Təlimdə, həmçinin Dövlət Reyestrində qeydiyyatda olan sortlar və sertifikatlaşdırılmış  toxumların tətbiqi, toxum istehsalı məqsədi ilə əkilmiş sahəyə aqrotexniki qulluğun göstərilməsi, müxtəlif bölgələrə uyğun arpa və buğda sortlarının əldə edilməsi, məhsuldarlığı və quraqlığa davamlılığı, növbəli əkin sisteminin tətbiqi mövzularında mütəxəssislər tərəfindən təlim iştirakçılarına ətraflı məlumatlar veriləcək.

Təlimlərdə fermerləri maraqlandıran suallar ətrafında müzakirələr aparılacaq.