AQRO

22 Sentyabr

“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərilib

Kənd Təsərrüfatı Nazirliyinin “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində növbəti təsərrüfata dəstək göstərilib. Qax rayonunda yerləşən arıçılıq təsərrüfatında yenidənqurma işləri aparılıb, arı südü istehsalı ərazisi hasarlanıb, təsərrüfat sahəsi abadlaşdırılıb. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla təmin olunub.

Kənd təsərrüfatı naziri İnam Kərimov rayonun Ləkit kəndində “Bal Evi” arıçılıq təsərrüfatında görülmüş işlərlə tanış olub, aqroekoturzim layihələrinin təqdimatı mərasiminə qatılıb. Mərasimdə “Şəhərdən Kəndə” layihəsi çərçivəində görülən işlər, bu sosial layihənin aqrar turizmin inkişafına, kənd yerlərində məşğulluğun artmasına, fermerlərin gəlirlərinin yüksəlməsinə təsiri barədə məlumat verlib.

Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın diversifikasiyası fonunda kənd təsərrüfatı ölkənin prioritet sahələrindən biri olmaqla son dövrlər sürətlə inkişaf edir. Kənd təsərrüfatını inkişafı həm də  təhsil, məşğulluq, innovasiya, ticarət və turizm kimi sahələrin inkişafına da təkan verir. Bu səbəbdən nazirlik tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində bir sıra sosial yönümlü layihələr həyata keçirilir.  Bu layihələrdən biri aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına yönəlmiş “Şəhərdən kəndə” aqroekoturizm layihəsidir.

Aqroekoturizm dünyanın müxtəlif ölkələrindən olan insanların diqqətini kənd yerlərinə, mövcud təsərrüfatlara və ekologiyanın qorunmasına yönəlmiş bir fəaliyyətdir. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, zəngin biomüxtəlifliyə və eko sistemə həmçinin, müasir infrastruktura malik olması aqrar turizmin inkişafı üçün münbit şərait yaradır. “Şəhərdən kəndə” layihəsi çərçivəsində bölgələrdə aqroekoturizm obyektlərinin müasir standartlar əsasında qurulmasına dəstək verilir. Artıq 5 belə təsrrüfata müvafiq dəstək göstərilib.

Daha sonra “Bal Evi” təsərrüfatının rəhbəri Bədrəddin Həsrətov, “Biogarden” təsərrüfatının rəhbəri Etibar Nuriyev, “Lakeside Garden” təsərrüfatının rəhbəri Ramtik Alızadə, “Ballı bağça” təsərrüfatının rəhbəri Anar Məmmədov öz təsərrüfatlarının təqdimatını keçiriblər. Təqdimat mərasimində Azərbaycanda aqroekoturizmin inkişafı üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərə tövsiyələr verilib.

Tədbirin yekununda “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş qadınlara sertifikatlar təqdim olunub. Layihənin məqsədi qadınların arıçılıqla məşğul olmasını stimullaşdırmaq, bu sahəyə maraq göstərən qadınlara müvafiq təlimlər keçmək, onları sosial layihə çərçivəsində arıçılıq avadanlıqları ilə təmin etməkdir.

Tədbirdə FAO-nun, Dövlət Turizm Agentiyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Qax rayon icra hakimiyyətinin nümayəndələri, aqroekoturizm modulu üzrə təlim keçmiş fermerlər iştirak ediblər. 

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi “Paşa Holdinq”in dəstəyi ilə korporativ sosial məsuliyyət proqramı çərçivəsində həyata keçirilir. 

Bu günə qədər “Şəhərdən Kəndə” layihəsinə qoşulmaq üçün 200-dən artıq fermer müraciət edib. Müraciət edən fermerlərin təsərrüfatlarına baxış zamanı bu təsərrüfatlardan 97-si aqroekoturizm üçün uyğun sayılıb. Əcnəbi və yerli mütəxəssislər tərəfindən 115 təsərrüfat sahibinə aqroekoturizm obyektlərinin qurulması istiqamətində təlimlər keçirilib, 40-dan çox təsərrüfata turlar təşkil olunub. Bu turlarda 900-ə yaxın turist, o cümlədən 170 əcnəbi turist işturak edib.