AQRO

10 İyun

Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sənayesi sərgiləri keçirilir

Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri işə başlayıb.

Fins.az-ın məlumatına görə, iyunun 10-dan 12-dək canlı formatda təşkil olunan sərgilərin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edir. Açıq sahədə yerləşən ekspozisiyanın miqyası 2019-cu ildəki ekspozisiya ilə müqayisədə artırılıb. Bu il Azərbaycan, ABŞ, Almaniya, Əfqanistan, Belarus, Belçika, BƏƏ, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva, Niderland, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Vircin adaları, Yunanıstan da daxil olmaqla dünyanın 28 ölkəsindən 237 şirkət bu sərgilərə qatılıb.

Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib.

"Caspian Agro 2021" sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu tematik bölmələri əhatə edir: kənd təsərrüfatı texnikası, heyvandarlıq və quşçuluq, yemlər, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, kənd təsərrüfatında innovasiya texnologiyaları və s.

Xatırladaq ki, pandemiya ilə əlaqədar sərgilərdə müəyyən məhdudiyyətlər tətbiq olunur. Belə ki, ziyarətçilər yalnız dəvətnamə ilə iştirak edə bilər. Yəni sərgi hər kəs üçün açıq deyil.