AQRO

02 İyun

Cəlilabaddan Rusiya bazarlarına 30 min tona yaxın kartof ixrac olunub

Cəlilabad rayonunda açıq sahədə yetişdirilmiş kartofun yığımı davam edir.

Ölkəmizin cənub bölgəsində ən böyük kartof istehsalçısı olan Cəlilabad rayonunda sahələrdən yığılan faraş məhsul yerli bazarlarla yanaşı, xarici ölkələrə də ixrac edilir.

Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən, bu il rayonda 5 min 400 hektarda kartof əkilib. Rayonun kartof sahələrindən indiyədək 42 min 68 ton məhsul yığılıb.

Kartofun bir kiloqramını yerində 45 qəpiyə satan fermerlər, yetişdirilmiş məhsulu yerli bazarlarda satmaqla yanaşı, xarici ölkələrə də ixrac edirlər. İndiyədək Rusiya bazarlarına 30 min tona yaxın Cəlilabad kartofu ixrac olunub.

Qeyd edək ki, ötən il Cəlilabadda 5300 hektardan çox sahədə kartof əkilib, sahələrdən 140 min 660 ton məhsul yığılıb. Orta hesabla hər hektarda məhsuldarlıq 26 sentner təşkil edib.

Rayonda kartof yığımı kampaniyası iyunun 15-dək davam edəcək.