AQRO

04 May

Zaqatalalı kümçülərə 1150 qutu ipəkqurdu paylanılıb

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 10 ton artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurduları rayonun özündə inkubasiya olunub.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəmizə gətirilən ipəkqurdu toxumlarının 1150 qutusu Zaqatala rayonundakı baramaqurutma müəssisəsində inkubasiya kameralarına qoyulub. Toxumların inkubasiya müddəti artıq başa çatıb və əldə olunan ipəkqurduları mayın 3-4-də bölgü əsasında rayonun kümçülərinə paylanılıb.

İpəkqurdu götürən kümçülərlə söhbət edib.

Müəssisənin direktoru Faiq Köngülovun verdiyi məlumata görə, iki gün ərzində kümçülərə, ümumilikdə, 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb. Builki mövsümdə rayonda 300-dək kümçü ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq.

Rayonun Qandax kənd sakini Rəvan Rəsulov üçüncü ildir ki, baramaçılıqla məşğul olur. Ötən il həmkəndlisi ilə birlikdə 70 qram ipəkqurdu bəsləyib, 140 kiloqram yaş barama istehsal edib. Gənc kümçü cari ildə də müəssisədən 70 qramadək ipəkqurdu götürüb. Təsərrüfat sahibinin sözlərinə görə, ipəkqurdunun bəslənilməsi üçün həyətində zəruri şəraiti olan geniş yer ayırıb, xüsusi rəflər quraşdırıb. İpəkqurdunun yemlənməsi üçün lazım olan tut yarpağı həyətdəki bağdan, həmçinin kəndin ərazisində əkilmiş tut ağaclarından tədarük olunacaq.

Rayonun Car kəndindən Ruslan Cingözov isə dostu ilə birgə ilk dəfədir ki, ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq. Onlar bu il müəssisədən 100 qram ipəkqurdu götürüblər.

Ruslan çəkdiyi əziyyətin hədər getməyəcəyinə, tezliklə zəhmətinin bəhrəsini görəcəyinə əmindir.