AQRO

04 May

Masallıda tütün əkini sahələri artırılıb

Ölkəmizdə ənənəvi təsərrüfat sahələrindən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması Masallı fermerlərinin də tütünçülüyə marağının artırıb. Rayonda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini verir.

Bu il Masallı rayonunda 52 hektardan çox sahədə tütün yetişdirilməsi proqnozlaşdırılıb. Rayonun əksər yaşayış məntəqələrində tütün əkiləcək. Artıq fermerlər və məhsul istehsalçıları istixanalarda yetişdirdikləri şitilləri sahəyə köçürməyə başlayıblar.

Ötən illərdə məhsul istehsalçıları əkin zamanı daha çox “İmmunium” növlü ətirli tütün əkininə üstünlük veriblər. Bu il də həmin sortdan istifadə ediləcək.

Qeyd edək ki, Masallıda ilk dəfə 2015-ci ildə 14 hektarda tütün əkilib. 2019-cu ildə tütün əkin sahələri genişləndirilərək 35 hektara çatdırılıb. Ötən il isə tütün əkin sahələri daha 16 hektar genişləndirilib.