AQRO

30 Aprel

Neftçalada bu günə kimi 5 min hektardan çox sahəyə çiyid səpilib

Neftçalada çiyid səpini uğurla davam edir və qısa müddətdə 5 min hektardan çox sahəyə çiyid səpilib. Cari təsərrüfat ilində rayonda 6 min hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il 23 min 41 ton pambıq istehsal edən rayonun “ağ qızıl” ustaları cari ildə 6 min 790 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 5 min 109,3 hektar sahəyə toxum səpiblər. Hər gün rayon üzrə 480-500 hektar sahəyə çiyid səpilir. Məhsul istehsalçıları müqavilə bağladıqları “Neftçala MKT və İK” MMC və “Aqrolizinq” ASC tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.

İlkin səpin aparılmış 2 min 885 hektardan çox sahədə yaxşı çıxış alınıb.