AQRO

22 Aprel

Qida təhlükəsizliyi qeydiyyatı ləğv olunan sahibkarlıq subyektlərinin sayı AÇIQLANDI

AQTA bu ilin ilk rübü ilə bağlı statistik məlumatları açıqlayıb.

AQTA-dan verilən məlumata görə, bu ilin ilk üç ayı ərzində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı 1 973 müraciət daxil olub.

Bu müraciətlərdən 1 884-ü ilə bağlı qərar qəbul edilib və həmin subyektlərə “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin Dövlət Reyestri”ndən çıxarışlar təqdim olunub. Bu dövr ərzində qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən 60 sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatı ləğv olunub.

 

Eyni zamanda qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərində "Yoxlamaların vahid məlumat reyestri"ndən alınmış çıxarış əsasında ümumilikdə qida təhlükəsizliyi tələbləri ilə bağlı 528 yoxlama keçirilib.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qanunvericiliyə uyğun olaraq müvafiq qaydada inzibati tənbehvermə, zərərsizləşdirmə, məhvetmə, utilizasiya və məhdudlaşdırıcı tədbirlərə dair qərarlar qəbul edilib.

Qeyd olunan dövr ərzində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı istehlak üçün yararsız ümumilikdə 775 229,206 kq, 83 838 litr və 6 398 ədəd məhsul məhv edilib, 219 459 kq məhsul zərərsizləşdirilib, 34 350 kq məhsul isə utilizasiya olunub.