AQRO

14 Aprel

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiya təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə ölkəmizin digər regionlarından və xarici ölkələrdən universitetdə təhsil alan tələbələrin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiyası təşkil olunub.

Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev və Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov çıxış edərək dövlət qayğısı nəticəsində gənclərin asudə vaxtlarının səmərəli təşkilindən, onların inkişafı üçün görülən işlərin önəmindən danışıblar. Bildirilib ki, ekskursiya gənclərin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ilə tanış olmaları və gənclərin asudə vaxtının mənalı təşkili məqsədilə təşkil edilib.

Sonra gənclər Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində yaradılmış istirahət və xizək mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, Ağbulaq kəndinin təbiəti, havası və müasir infrastrukturu kənddə ilin bütün fəsillərində turizmin inkişafı üçün geniş imkanlar açır. Buna görə yaşayış məntəqəsində Ağbulaq İstirahət Mərkəzi yaradılıb, qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq dağ-xizək mərkəzi qurulub. Bu gün həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıtmaqdadır.

Gənclər istirahət mərkəzində əyləncəli oyunlar oynayıb, kanat yolu vasitəsilə Ağbulaq kəndinin əsrarəngiz gözəlliyini səmadan izləyiblər.

Ekskursiyada 50 fəal gənc iştirak edib, onlar üçün çay süfrəsi təşkil olunub.