AQRO

14 Aprel

Bağ salınarkən bilməli olduğumuz QAYDALAR

Bağçılıq kənd təsərrüfatının gəlirli sahələrindən sayılır. Lakin burada bəzi önəmli məqamlar da var. Bağ sahibi hansı meyvə ağacı əkəcəyini, məhsuldarlıqdan asılı olaraq satışın təşkilini və digər məsələləri öncədən götür-qoy etməlidir.

Tovuz rayonunda fermerlər bağlarını rentabelliyi nəzərə almaqla salmağa üstünlük verirlər. Belə ki, onlar aqronomların məsləhətləri əsasında hansı məhsulun gəlir gətirəcəyini, torpağın hansı meyvənin yetişməsi üçün əlverişli olduğunu öncədən öyrənir və ona görə addım atırlar.

Müsahibimiz Sahib Qasımov uzun illərdir ki, meyvəçiliklə məşğuldur. Bağındakı meyvə ağaclarını da gəlirliliyi nəzərə alaraq salıb. Elə buna görə də bağında əsasən 3 növ meyvə ağacı əkib - xurma, gilas və gavalı.

“Bu meyvələrin bazarı var. Rusiya və yerli bazarlarda yaxşı satılır. Fermerlər üçün də iqtisadi cəhətdən sərfəlidir ki, məhsulunu sata bilir. Elə buna görə də xurma, gilas və gavalı bağları salınır. Son vaxtlar bəzi fermerlər şaftalı bağı salmaqla da məşğuldur”, - deyə fermer Sahib Qasımov bildirib.

Təbii ki, bağ sahibləri meyvə ağaclarından bol məhsul götürüb, daha çox gəlir əldə etməyə çalışırlar. Fermerlər bildirirlər ki, bunun üçün bağçılıqda bəzi məqamlara fikir verilməlidir. Ən əsası ağaclara vaxtlı-vaxtında qulluq edilməlidir. Bu, məhsuldarlıqda birinci qayda sayılır. Ziyanvericilərə və digər xəstəliklərə qarşı yazda aparılan profilaktik tədbirlərə də diqqət yetirməlidir.

Son vaxtlar xurma xarici bazarlarda yaxşı alıcı qazandığından bəzi bağ sahibləri xurma bağlı salmağa üstünlük verirlər. İndi xurma bağlarında quru budama və digər işlər həyata keçirilir ki, ağaclar iri və sağlam meyvələr gətirsin.

Fermer Habil Əhmədov isə bildirib ki, ağacların məhsuldarlığını artırmaq üçün calaq da vurulur: “Biz calaq olunmuş ağacları alıb əkirik. Hazırda ağacların dibi yumşaldılmalı, dərman verilməli və budanmalıdır. Ağaca yetərincə su verilməlidir ki, sonda yaxşı da məhsul götürə biləsən”.

İndi bağlarda ağacların gövdəsinin xüsusi məhlulla dərmanlanması aparılır. Bundan başqa, ağacların dibinin bellənməsi zamanı mineral gübrələr də verilir.

Bölgədə soyuducu kameraların olması da meyvəçiliyə böyük təkan verir. Belə ki, mövsüm vaxtı bağ sahibləri məhsulunun böyük hissəsini satır, bir hissəsini isə qış aylarına saxlayır. Qışda isə həmin meyvə münasib qiymətə alıcılara təqdim olunur.