AQRO

20 Mart

“Aqroservis” ASC bayram günlərində gücləndirilmiş iş rejimində işləyir

“Aqroservis” ASC aqrar sahədə aqrotexniki qulluq işlərinin mövsümə uyğun, vaxtında və operativ həyata keçirilməsi, payızlıq əkinlərdə fermerlərin yemləmə gübrələrinə olan tələbatını qarşılamaq, sahələrdə aparılan gübrələmə işlərinin yubadılmaması məqsədilə bayram günlərində də gücləndirilmiş iş qrafiki ilə işləyəcək.

Fermerlər bayram günlərində də “Aqroservis” ASC-nin istənilən rayon bölməsinə, Şirvan və Ucar Təchizat bazalarına, həmçinin rayon bölmələrindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə keçirilən səyyar satış xidmət məntəqələrinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər.

Fermerlərin gübrələrə olan tələbatını vaxtında ödəmək üçün “Aqroservis” ASC anbarlarını mövsümi mineral gübrələrlə tam təchiz edib.

Cəmiyyət fermerlərin işini asanlaşdırmaq məqsədilə bu il martın 15-dən etibarən bütün ölkəni əhatə etməklə, çoxşaxəli səyyar satış xidmətlərinə start verib. Gün ərzində paralel olaraq 10-dan çox istiqamətdə səyyar satış xidmətləri təşkil olunur.

“Aqroservis” əməkdaşları rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər.

Xatırladaq ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik olunub. Dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər.

“Aqroservis” ASC mineral gübrələrə olan tələbatın ödənilməsi ilə yanaşı, rayon bölmələrində olan texnikalar vasitəsilə fermerlərin aldıqları gübrələrin sahələrdə istifadəsi üçün onlara aqrotexniki xidmətlər də göstərir.