AQRO

17 Mart

Fermerlərə 75 min manatdan çox subsidiya ödənilib

Salyanda heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında marağı daha da artırıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən müxbirinə bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir.

Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 6 min 237 baş inək və düyədən cari ilin yanvar – fevral aylarında 755 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 75 min 500 manat subsidiya ödənilib.

Qeyd edək ki, hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 63 min 383 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunların da 75 faizi süni mayalanma yol ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.