AQRO

16 Mart

"Aqroservis” mineral gübrələrin səyyar satışına başlayıb

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC yeni əkin mövsümü ilə əlaqədar rayon bölmələrindən uzaqda yerləşən kənd və qəsəbələrdə mövsümi mineral gübrələrin səyyar satışına başlayıb.

Fins.az bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, fermerlərin gübrələrə olan tələbatını vaxtında ödəmək üçün şirkətin anbarları mövsümi mineral gübrələrlə tam təchiz edib.

Cəmiyyət fermerlərin işini asanlaşdırmaq məqsədilə bu gündən bütün ölkəni əhatə etməklə, çoxşaxəli səyyar satış xidmətlərinə start verib. Gün ərzində paralel olaraq 10-dan çox istiqamətdə səyyar satış xidmətləri təşkil edilir.

“Aqroservis” əməkdaşları rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər.

Aqrar sahədə aqrotexniki qulluq işlərinin mövsümə uyğun, vaxtında və operativ həyata keçirilməsi məqsədilə “Aqroservis” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, fermerlər hər gün qurumun istənilən rayon bölməsinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər.

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər.

Fermerlərin mineral gübrə və pestisid sifarişlərini operativ qəbul edilməsi və səyyar xidmətlərin keçirilmə ünvanlarının fermerlərin istəyinə uyğun təşkil edilməsi üçün Cəmiyyətin yeni 4 rəqəmli 1659 nömrəsi (Satış Mərkəzi) fəaliyyətə başlayıb. Həmçinin, fermerlər Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə də müraciət edərək, səyyar satışla bağlı təklif və şikayətlərini ünvanlaya bilərlər.

“Aqroservis” mineral gübrələrə olan tələbatın ödənilməsi ilə yanaşı, rayon bölmələrində olan texnikalar vasitəsilə fermerlərin aldıqları gübrələrin sahələrdə istifadəsi üçün onlara aqrotexniki xidmətlər də göstərir.

Xatırladaq ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.