AQRO

15 Mart

Hazırda taxılçılar əkin sahələrində becərmə işləri aparır

Salyanda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin bu sahəyə göstərdiyi hərtərəfli dəstək, yanacaq və sürtkü yağlarına görə edilən güzəştlər və son məhsula verilən subsidiyalar taxılçılıqla məşğul olan fermerlərin taxıl istehsalına marağını daha da artırıb. Buna görə də rayonda taxıl sahələri ilbəil genişlənir, məhsul istehsalı artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il taxıl sahələrinin hər hektarından 39,6 sentner məhsul götürən əkinçilər cari təsərrüfat ilində də yüksək nəticələr əldə etmək üçün bütün imkanlardan səmərəli istifadə edir, ötən ilin payızında səpin apardıqları 16 min 860 hektar sahəyə aqrotexniki qaydada qulluq göstərirlər. Səpin zamanı yüksək reproduksiyalı məhsuldar toxum sortlarından istifadə olunduğundan sahələrdə normal çıxış alınıb.

Hazırda taxılçılar əkin sahələrində becərmə işləri aparır, bitki suvarılır və yemləmə gübrəsi ilə təmin olunur. Artıq sahələrə bitiş suyunun verilməsi başa çatdırılıb, hazırda ikinci suvarma aparılır. Bu iş başa çatdıqdan sonra üçüncü suvarma aparılacaq, daha sonra isə bitkiyə dən suyu veriləcək. Taxıl sahələrinin becərilməsi ilə yanaşı alaq otları, xəstəlik və gəmiricilərə qarşı mübarizə tədbirləri də həyata keçirilir. İndiyədək alaq otları və xəstəliklərə qarşı ümumi əkin sahəsinin 686, gəmiricilərə qarşı isə 1305 hektarında müşahidə aparılıb və qabaqlayıcı tədbirlər həyata keçirilib.

Qeyd edək ki, ötən il rayonda 16 min 802 hektar sahədə biçin aparılıb və 66 min 607 ton taxıl tədarük olunub.