AQRO

05 Mart

Su hövzələrində balıqların tükənməsinin səbəbkarı kimlərdir?

Azərbaycanın su hövzələrində balıqların tükənməsinin və yoxa çıxmasının əsas səbəbi insan amilidir.

Bunu açıqlamasında Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib.

Onun sözlərinə görə, bu gün ölkənin əksər çaylarında, su kanallarında, göllərində brakonyerlik yolu ilə sintetik torlar qurulur, balıqların populyasiyasına imkan verilmir:

"Azərbaycanda balıqların populyasiyasını amansızcasına kəsirlər, bu haqda bir neçə dəfə bizim monitorinqlərimiz olub və sintetik torlara qarşı reydlər keçirmişik. Hətta bu monitorinqlər zamanı bizə hədə-qorxu gəlirlər. Ölkəmizdə sintetik torların istifadəsinə birdəfəlik qadağa qoyulsa da, təəssüf ki, hələ də qaçaqmalçılıq yolu ilə ölkəyə az sayda gətirilməkdədir.

Bu gün Azərbaycanın şah balıqlarından biri də kütüm balığıdır. Bu balıqlara o qədər tələbat var ki, hətta Amerika bazarında belə satışa çıxarılır. Ancaq çox təəssüf ki, bu balıqlar kütləvi halda ovlanır və müəmmalı şəkildə xaricə ixrac olunur. Xarici bazarlada isə onun Azərbaycandan gətirildiyi bilinmir".

Ə.Əliyev bildirib ki, Azərbaycanda balıqların populyasiyasının qarşısını alan bir nömrəli yer Şaqay kanalının dənizə tökülən hissəsində torların qurulmasıdır:

“Brakonyerlər bir gündə 3-4 ton balıq tutur və bu yol ilə balıqların kütləvi qırılmasına səbəb olurlar. Bu cür torlar əsasən cənub zonalarında quraşdırılıb, dənizə tökülən hissədə istədiyiniz qədər sintetik torlar görə bilərsiniz".

Sədr əlavə edib ki, ən çox nərə balıq cənub zonasında, Xəzərin Lənkəran sularında olub:

"Bir vaxtlar Azərbaycanın nərələri hər yerdə tanınırdı, ancaq bu gün onların kökü kəsilmək üzrədir. Balıqlar qışlıq yuxuya gedən zaman belə onları xüsusi cihaz vasitəsi ilə ovladılar”.

©Trend