AQRO

02 Mart

Aqrokimya laboratoriyasından REPORTAJ

Salyan Regional Aqrokimya Laboratoriyası yüksək texnoloji avadanlıqlarla təchiz olunub. Burada innovativ üsullarla işləyən mütəxəssislər fəaliyyət göstərirlər.

Ötən il fermerlərin laboratoriyaya müraciəti əsasında aparılan analizlər və bu analizlərin cavablarına uyğun olaraq torpağın gübrə ilə təminatı nəticəsində həmin sahələrdə yüksək məhsuldarlıq qeydə alındı. Bu il isə Salyan Regional Aqrokimya Laboratoriyasında 3100 torpaq nümunəsinin analizi nəzərdə tutulub. Hazırda Salyan rayonu üzrə 60 fermerdən 147, Neftçala rayonu üzrə 103 fermerdən 396, Hacıqabul rayonu üzrə isə 54 fermerdən 558 torpaq nümunəsi alınıb. Qarşıdakı günlərdə bu rəqəmlər daha da artacaq.

Laboratoriyanın şöbə müdiri Gülnarə Səmədovanın sözlərinə görə, aqrokimyəvi analizin əhəmiyyəti ondan ibarətdir ki, bu, həm kənd təsərrüfatı məhsullarının məhsuldarlığının yüksəlməsinə, həm də fermerlərin maddi rifahının daha da yaxşılaşmasına gətirib çıxarır: “Salyan Regional Aqrokimya laboratoriyasında aqrokimyəvi analizlər bir çox prosesdən keçirilir. Torpaqlar sahədən fermerlər və ya laboratoriya əməkdaşları tərəfindən yerində götürülərək, laboratoriyamıza gətirilir. Əsas məqam torpağın yerində düzgün götürülməsidir. Ondan sonra laboratoriyamıza gətirilən torpaq nümunəsində innovativ metodlara əsaslanan, ixtisaslaşmış təlimlərdə iştirak edən əməkdaşlarımız tərəfindən analizlər aparılır. Analizin təsdiqi sənədinə uyğun olaraq fermerlərə müxtəlif tövsiyələr verilir, torpaqda qida elementlərinin miqdarı göstərilir və onlara bildirilir ki, əkiləcək bitkiyə uyğun gübrə norması versinlər. Bu, məhsuldarlığın artırılmasına gətirib çıxaracaq. Torpağa həddən artıq çox və ya az gübrə verilməməlidir. Hər şey norma daxilində olmalıdır”.

Regional aqrokimya laboratoriyaları aqrar sahənin inkişafı üçün çox böyük önəm daşıyır. Belə ki, aqrokimyəvi tədqiqatlar nəticəsində qabaqlayıcı tədbirlərin aparılması mümkün olur, fermer gübrələmə normalarını düzgün seçir və sonda keyfiyyətli bol məhsul əldə edir. Salyan Regional Aqrokimya Laboratoriyasında götürülmüş torpaq nümunələrində fosforun, azotun, kaliumun və digər mikroelementlərin, həmçinin turşuluğun, qələviliyin, duzluluğun, elektrik keçiriciliyinin, humusun, əhəngliliyin təyini prosesi aparılır.

Bu xidmətdən yararlanan fermer Malik Novruzov deyib: “Əvvəllər torpaqlarımızdan az məhsul götürürdük. İndi torpağımıza hansı gübrələr, hansı mineral maddələr vermək lazımdırsa, bunu aqrokimya laboratoriyasının analizləri vasitəsilə dəqiq bilirik. Onlar torpağımızı analiz edir və bizə nəticəni deyirlər. Hansı gübrələr hansı torpaqlar üçün faydalıdırsa, onu müəyyən edərək yaxşı məhsul götürürük”.

Hazırda Salyan Regional Aqrokimya Laboratoriyasında torpaq analizi prosesi sürətlə aparılır. Qeyd edək ki, aqrokimya laboratoriyalarının analizi nəticəsində əkinəyararlı torpaqlardan düzgün istifadə olunmaqla, keyfiyyətli və bol məhsul əldə etmək olur, eyni zamanda, əkinə yararsız torpaqlar müayinə edilərək yararlı hala gətirilir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Regional Aqrokimya laboratoriyalarında baza analizlər daxil olan paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrində hər 5 hektardan bir nümunə götürülməsi məqsədəuyğundur.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş regional aqrokimyəvi laboratoriyaları fəaliyyət göstərir. Bu laboratoriyalarda fermerlərə torpağın tərkibi ilə bağlı ən müxtəlif analizlər vermək imkanı yaradılıb. Analizlər ən müasir avadanlıq və cihazlar vasitəsilə aparılır.