AQRO

19 Fevral

Sahəsi 10 hektar və daha çox olan fermerlərin NƏZƏRİNƏ

Kənd Təsərrüfatı Nazirliyinin regional aqrokimya laboratoriyalarında torpaqların aqrokimyəvi analizləri davam edir. Bu sahədə işin mərhələli təşkilinə uyğun olaraq 2021-ci ildən 10 hektar və daha çox sahəsi olan fermerlərin torpaqları aqrokimyəvi analizlərə cəlb olunur. Torpaq analizlərinin nəticələri payızlıq əkinlərin bəyanı ilə əlaqədar keçirilən monitorinqlərin nəticələri ilə birlikdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə EKTİS daxil ediləcək. Məlumatlar EKTİS-ə daxil edildikdən sonra əkin subsidiyalarının ödənilməsi həyata keçiriləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, respublikanın 11 bölgəsində ən müasir avadanlıqlarla təchiz edilmiş regional aqrokimya laboratoriyalarında torpaqların aqrokimyəvi analizi fermerlərə torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirməyə imkan verir, habelə ölkənin aqrokimyəvi torpaq xəritələrinin hazırlanmasına xidmət edir.

Torpaq nümunələrinin baza analiz paketinə torpağın pH-ı, duzluluq (EC), mütəhərrik fosfor (P2O5), mənimsənilən kalium (K2O) və ümumi azot ( N ) daxildir. Paketin bir nümunə üçün qiyməti 28 manat təşkil edir. Analiz üçün əkin sahələrindən hər 5 hektardan bir nümunə götürülməsi məqsədəmüvafiqdir.

Fermerlər “Aqrokimyəvi analizlərin aparılması üçün nümunələrin götürülmə təlimatı”na uyğun olaraq sahələrindən torpaq nümunələrini özləri götürərək laboratoriyalara təqdim edə bilər. Torpaq nümunələri götürülmüş yerlərin coğrafi koordinatları mütləq qeyd edilməlidir. Fermerlər müvafiq təlimatla Aqrar Xidmətlər Agentliyinin rəsmi internet səhifəsində (www.axa.gov.az) və sosial media hesablarında tanış ola bilər.

On hektardan çox sahəsi olan fermerlər öz torpaq nümunələrini təqdim edəcəkləri laborarotiyalar haqqında, habelə Dövlət Aqrar İnkişaf mərkəzlərindən də məlumat ala bilərlər.