AQRO

14 Aprel

Azərbaycanın bu rayonunda uzun illərdən sonra ilk dəfə

Uzun illərdən sonra Yardımlı rayonunda yenidən üzümçülüyün dirçəldilməsinə başlanılıb.

Yardımlının Gavran kəndində üzüm bağında söhbət etdiyimiz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Bilal Fərruxov bildirib ki, son illər fermerlərin üzüm sahəsinə olan marağı artıb: “Rayonda üzümçülüyü yenidən inkişaf etdirmək istəyirik. Yardımlının torpaq-iqlim şəraiti üzümçülük üçün əlverişlidir. Buna görə də fermerlərin bu sahəyə marağı ildən-ilə artır”.

Onun sözlərinə görə, ucqar dağ rayonu olan Gavran kəndində yeni salınan üzüm bağı hələ ki, məhsula düşməyib. Lakin növbəti illərdə bu bağdan 10 ton məhsul götürüləcəyi planlaşdırılır.

Üzüm bağının sahibi Əhməd Əliyev deyib ki, bağın ərazisi 1 hektardır. “Var olsun, dövlətimiz. Daim fermerlərin yanındadır. Çoxdan idi üzüm bağı salmaq istəyirdim. Bu bağda Moldovadan gətirdiyim süfrə üzüm sortu əkmişəm. İki ildir bağa qulluq edirik, bütün texniki qaydalara əməl olunur. Gələn ildən məhsul götürəcəyimizi düşünürəm”.

Hazırda rayonda 4 hektar sahədə, yerli şəraitə uyğunlaşmış üzüm tingləri əkilərək, yeni üzüm bağları salınıb. Əkilən üzüm tinglərinin bir hektarı Gavran, iki hektarı Şıxlar, bir hektarı isə Arus kəndi ərazisindədir. Tinglərin suvarılması üçün damcı üsulu ilə müasir suvarma sistemi qurulub.