AQRO

07 Fevral

Rusiyaya pomidor və alma ixracına icazə verilən müəssisələrin sayı açıqlanıb

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla birgə müvafıq tədbirlər davam etdirilir.

Agentlikdən verilən məlumata görə, aparılan danışıqlar çərçivəsində bu günədək Agentlik tərəfindən ölkə ərazisi üzrə fəaliyyət göstərən 275 pomidor, 37 alma istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiyanın müvafiq qurumuna təqdim olunub.

Təqdim olunan məlumatlar əsasında, bu günədək 51 pomidor və 37 alma istehsalı müəssisəsinə məhsulların ixracı üçün icazələr verilib.

Qeyd edək ki, Rusiyaya alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 88232 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 131,8 %-i həcmindədir. Eyni zamanda pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 164558 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 91,4 %-ni təşkil edir.

Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində fəaliyyət göstərən istixanalarda onlayn rejimdə videomonitorinqlər davam etdirilir. Həyata keçirilən birgə tədbirlərin nəticəsilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.