AQRO

29 Yanvar

Ukraynadan Azərbaycana gətirilən qoz ləpəsində kif göbələkləri aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan  verilən məlumata görə, Ukrayna Respublikasında fəaliyyət göstərən “Oyl Trade 2000” MMC tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına fiziki şəxs İbrahimov Üzeyir İbrahim oğlu tərəfindən idxal olunan 24 ton qoz ləpəsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində qoz ləpəsində kif göbələkləri aşkar olunub. Bu da məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığını göstərir.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.