Builki mövsümdə Zaqatala rayonunun təsərrüfatlarında 570 hektar sahədə tütün əkini nəzərdə tutulur. Torpaq mülkiyyətçiləri cari təsərrüfat ilində 398 hektar sahədə “Virciniya botaniki” və 172 hektarda digər növ tütün yetişdirəcəklər.
Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün fermerlər tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılacaq. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.
Xatırladaq ki, ötənilki mövsümdə Zaqatalalı fermerlər 574 hektar sahədən 672 ton quru tütün əldə ediblər. İstehsal olunan quru tütünün 514,4 tonunu “Virciniya botaniki”, 157,6 tonunu isə digər tütün sortları təşkil edib. Tütün istehsalı əvvəlki illə müqayisədə 65 ton artıb.