AQRO

04 Noyabr

Bu fermerlər 2 min hektardan çox sahədə payızlıq taxıl səpini aparıblar

Bakı, 04 noyabr, Fins.az

Salyanda taxılçılıq əsas təsərrüfat sahələrindəndir. Fermerlər təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl istehsalı ilbəil artır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildiriblər ki, salyanlı taxılçılar ötən ilin payızında 16 min 802 hektar sahədə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 41 min 999, buğda zəmilərindən isə 24 min 142 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 65 min 214 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 39 sentnerə çatdırıblar.

Qazanılmış uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpin kampaniyasına vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 2 min 279 hektar sahədə səpin aparıblar ki, bunun da 1946 hektarı arpa, 333 hektarı isə buğdadır. Gün ərzində 200-250 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər. (azertac)