Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb.
İlk aqrar səyyar xidmət Xaçmaz rayonunun Müşkür kəndində təşkil olunub. Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan ediblər.
Qeyd edək ki, fermerlərin xidmətdən istifadə etmək üçün yalnız şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələri kifayətdir.
Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə DAİM-lər tərəfindən fermerlərə məlumat verilir.
Qeyd edək ki, ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş səyyar xidmət mikroavtobusları vasitəsilə qrafik üzrə bütün rayonlarda xidmətin təşkili nəzərdə tutulur. Xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.