AQRO

07 Oktyabr

Bu ilin əvvəlindən Qaxda 17 subartezian quyusu qazılıb

Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 16 aprel tarixli Sərəncamının icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən bu il Qax rayonunda 17 subartezian quyusunun qazılması nəzərdə tutulurdu. Artıq bu quyuların hamısında qazma işləri tamamlanıb və hazırda elektrik avadanlığının quraşdırılması həyata keçirilir. Subartezian quyularının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Bu barədə  Qax rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.

Baş mühəndisin sözlərinə görə, bu quyuların istismara verilməsi nəticəsində 28 min nəfərdən çox əhalinin yaşadığı 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 2013-2019-cu illər ərzində Qax rayonunda 74 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyulardan 14-ü ötən il qazılıb.