AQRO

03 Sentyabr

Sahibkarlara yeni aqrar xidmətdən yararlanmaq imkanı yaradılıb

İdxal-ixrac edilən yaş meyvə-tərəvəz məhsullarında fumiqasiya (zərərsizləşdirmə) aparılmalıdır 

Fins.az xəbər verir ki,Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli Qərarı ilə idxal-ixrac olunan yaş meyvə tərəvəz məhsullarında da fumiqasiya (zərərsizləşdirmə) tədbirləri aparmaq imkanı yaradılıb. Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzinə müraciət etməklə sahibkarlar idxal və ya ixrac etdikləri yaş meyvə-tərəvəz məhsullarının fumiqasiya ilə zərərvericilərdən tam təmizlənməsinə nail ola bilərlər. 

Zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

2020-ci ilin avqust ayı ərzində Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən 13.5 min tondan artıq dənli, dənli-paxlalı bitki məhsulları və yem, 22.6 min m3 meşə materialı, 582 min m3 istehsal və saxlanma yeri, 407 min m3 istixana  sahəsi zərərsizləşdirilib.

Qeyd edək ki, fumiqasiya tədbirləri sahibkarların müraciəti əsasında həyata keçirilir. Xidmətlərdən istifadə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə 1652 və ya Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə)  Mərkəzinə ([email protected]) müraciət etmək lazımdır. 

Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.