AQRO

25 Avqust

Azərbaycanda qarğıdalı sahələri ilk dəfə dronlar vasitəsilə dərmanlandı - Fotolar

Ağcabədi rayonunun Hacılar kəndində təkrar qarğıdalı əkini sahələrinin müasir dronlar vasitəsilə dərmanlanması prosesi həyata keçirilib. Fins.az xəbər verir ki, fermer Ümidvar Məmmədovun sahəsində keçirilən dərmanlama prosesini Kənd Təsərrüfatı naziri İnam Kərimov da izləyib. Tədbirdən əvvəl nazir fermerlərlə təkrar qarğıdalı əkininin təşkili, məhsuldarlığın artırılması istiqamətində fikir mübadiləsi aparıb, onların təkliflərini dəyərləndirib.

Daha sonra Aqrar Elm və İnnovasiya Mərkəzinin xüsusi təlim keçmiş pilotları tərəfindən sahənin dronlarla dərmanlanması prosesinə başlanıb. Sahə zərərvericilərə qarşı mübarizədə istifadə olunan preparatların qarışığından hazırlanmış məhlullarla dərmanlanıb.

 

Nazir İnam Kərimov Ağcabədi rayonuna səfəri çərçivəsində Qarabağ Atçılıq Kompleksində, Dənli Bitkilərin Toxum Emalı Zavodunda olub, rayonun Hacıbədəlli kəndində fermerlər İsa Mürşüdov, Hətəm Nağıyev və Qənbər Əliyevin, Pərioğlular kəndində Raquf Qasımovun pambıq sahəsi ilə tanış olub, pambığın vəziyyəti ilə maraqlanıb. Fermerlər dövlət dəstəyinin genişləndirilməsi sayəsində pambıq əkininə marağın daha da artdığını deyiblər. Fermerlər bildirib ki, yeni subsidiya mexanizmi məhsuldarlığı stimullaşdırır. Bu səbəbdən bu il ölkənin digər bölgələrində olduğu kimi Ağcabədi rayonunda da sahələrdən bol məhsul gözlənilir.

Nazir fermerlərin pambıqçılığın inkişafı ilə əlaqədar təkliflərini dinləyib, onlara öz tövsiyələrini verib.